Yasamaldakı mənzil mafiyası ədliyyə işçisinin mənzilini əlindən aldı

Day.Az представляет новость на азербайджанском языке

Arzu Səfərov böyük fırıldaqların necə gerçəkləşdirildiyini ortaya qoydu; dövlət qurumlarından kömək istədi
Yasamal rayonunda böyük mənzil fırıldaqlarında adı hallanan Saqib Məmmədov Ədliyyə Nazirliyinin sabiq işçisi Arzu Səfərovu mənzilindən çıxarmağa müvəffəq olub. Məsələnin mahiyyəti budur ki, sabiq ədliyyə işçisi Arzu Səfərov 2009-cu ildə 83 min dollar ödəməklə Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 13 ünvanlı binanın 10 saylı mənzilini alıb. Mənzili ona satan isə Həsən Novruzov olub. A.Səfərov mənzildə 5 il yaşayıb və günlərin birində Yasamal Rayon Məhkəməsindən ünvanına qətnamə gəlib.

Day.Az musavat.com-a istinadən bildirir ki, həmin qətnamədən belə aydın olub ki, A.Səfərova satılan mənzil Şirzad Qəhrəmanov soyadlı vətəndaşa məxsusdur. Həmin mənzildə vaxtilə bir qaçqın ailəsi məskunlaşıb. Qaçqın ailəsini isə mənzildən Yasamal rayon 22 saylı Mənzil İstismar Sahəsinin rəisi Saqib Məmmədov çıxarıb və mənzili sahibinə — Şirzad Qəhrəmanova qaytarmaq əvəzinə öz kürəkəni Həsən Novruzovun adına məhkəmə yolu ilə sənədləşdirib. 2009-cu ildə isə mənzili kürəkəni Həsən Novruzovun adından Arzu Səfərova 83 min dollara satıb. Ş.Qəhrəmanov qaçqının mənzildən çıxarıldığını və mənzilin digər bir şəxsin adına keçirildiyini öyrəndikdən sonra məhkəməyə müraciət edərək əmlakının ona qaytarılması iddiası ilə çıxış edib. Məhkəmə iddianı təmin edib və A.Səfərovun ailəsi ilə birgə mənzildən çıxarılmağını, bununla bərabər vicdanlı alıcı kimi ona mənzili alarkən ödədiyi 83 min dolların qaytarılmasını qət edib. Bundan başqa, mənzil Həsən Novruzovun adına sənədləşdirilərkən yol verilən sənədlərin saxtalaşdırılması faktlarının araşdırılması üçün xüsusi qərardad çıxarılıb.

Arzu Səfərov deyir ki, Saqib Məmmədov barəsində çıxarılan xüsusi qərardad üzrə bu günə qədər qanuni qərar çıxarılmayıb: "Bu adam mənə satılmış mənzilə dair saxta sənədlər hazırlanmasını təşkil edib, mənzili saxta yolla mənə sataraq 83 min ABŞ dolları pulumu ələ keçirib. Saqib Məmmədovun və  bu qanunsuzluqlarda iştirak edərək saxta order, saxta mənzil kirayə müqaviləsi hazırlamış Yasamal rayon İcra Hakimiyyətinin digər vəzifəli şəxsləri barədə də Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi müvafiq araşdırma aparmalıdır. Məhkəmə araşdırmaları zamanı Yasamalın sabiq icra başçısı İbrahim Mehdiyevin rayon ərazisində baş verən mənzil fırıldaqlarına, vətəndaşların mənzillərinin ələ keçirilməsi faktlarına göz yumması da ortaya çıxmışdı. Məni baş prokurorun qəbuluna buraxmırlar. Adımı qəbula yazırlar, amma imkan vermirlər ki, cənab Zakir Qaralovla görüşüm. Mənə qarşı vəzifəli şəxslərin saxtakarlığı, dələduzluq yolu ilə külli miqdarda pulumun mənimsənilməsi, mənzildən məhrum olmağım faktdır, məhkəmə hökmlərində bu fakt təsbit edilib. Amma Saqib Məmmədov ortalıqda gəzir, mənim pullarımı xərcləyir".

A.Səfərov müsavat.com-a deyib ki, məhkəmələrin gedişi zamanı öyrənib ki, Saqib Məmmədov Yasamalın sabiq icra başçısı İbrahim Mehdiyevin, bu iş üzrə qərar vermiş Yasamal rayon məhkəməsinin hakimi Məlahət Əbdülmanafovanın vəzifə saxtakarlığı ilə üzləşən təkcə o deyil. A.Səfərov hakim Əbdülmanafovanın barəsində Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə araşdırma aparılması üçün Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova da müraciət edib: "4 il məhkəmələrdə bu məsələ araşdırılıb. Məhkəmələrdə məlum oldu ki, Yasamalda mənim kimi zərərçəkənlər var. Ünvanların saxtalaşdırılması, mənzillərə sahiblərinin xəbəri olmadan digər şəxslərin qeydiyyata salınması Yasamal ərazisində adi hala çevrilib. Amma Saqib Məmmədova dəyib-dolaşan yoxdur. Bu iş üzrə məhkəmələrin getdiyi 4 ildə onun kürəkəni Həsən Novruzov məhkəmə proseslərinə qatılmadı. Sonda isə Ali Məhkəməyə şikayət edərək mənzilin dəyərini mübahisələndirdi və işin Bakı Apelyasiya Məhkəməsinə qaytarılmasına nail oldu. Həsən Novruzov deyir ki, mənzili 83 min dollara deyil, guya 32 min 120 manata satıb. 2014-cü ildə məhkəmədən qətnamə alandan sonra mən vəkilimlə birgə H.Novruzovun qayınatası Saqib Məmmədov və mənzilin alqı-satqısında iştirak edən maklerlə söhbətə getmişdim. Anlayırdım ki, Saqib Məmmədov məhkəmələrə yaxın gəlməyəcək, özünün dediyinə görə heç Həsəni də göndərməyəcək. Ondan sonra qərara gəldim ki, vəkilimin iştirakı ilə onu danışdırım. Ehtiyat edirdim ki, evin alqı-satqısı zamanı aldığı pulun məbləğini dansın. Həmin söhbət zamanı o hər şeyi necə etdiyini danışdı və heç bir məhkəmə prosesinə gəlmədi. Heç bir sənəd təqdim etmədi. 2014-cü il avqustun 1-də baş tutan söhbəti də diktofona yazmışdım. Söhbətin stenoqramını da çıxarmışam. Saqib Məmmədov deyir ki, mənzilin alqı-satqısında iştirak edən maklerlər ona 75 min 500 manat veriblər. Həmin sübutları da məhkəməyə təqdim etdim. Amma nəticə olmadı, mənim 83 min dollarımı qaytarmadan, hesabıma 32 min manat köçürməklə mənzildən çıxardılar. Mən Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş öz şəxsi əmlak hüquqlarımın pozulması ilə əlaqədar dələduzluğa məruz qalaraq külli miqdarda zərərə düşmüşəm. Vəzifəli şəxslərin saxtakarlığı nəticəsində mənzilimi itirdim, pulunu ödəyib halal yolla qanuni əsaslarla çıxarış sənədi ilə əldə edib 10 il yaşadığım mənzildən məcburi çıxarılaraq küçəyə atılmışam. Şikayətlərimə isə baxan yoxdur. 11.02.2019-cu il tarixdə mənə cavab yazılıb ki, "şikayətiniz Baş Prokurorun nəzarətindədir, Saqib Məmmədovun  və qeyrilərinin əməllərinə düzgün hüquqi qiymət verilməsi üçün araşdırma davam etdirilməklə müvafiq dövlət orqanlarına sorğular verilib. Nəticəsi barədə araşdırma aparan orqan tərəfindən Sizə məlumat veriləcəkdir". Halbuki yanvar ayından şikayətim üzrə rədd qərarı qəbul edilib və arxivə verilib! Buna görə də baş prokurordan dönə-dönə xahiş edirəm ki, məni qəbul edib dinləsin".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Источник: day.az

Понравилась статья? Поделиться с друзьями:
Блог о детях
Добавить комментарий