Day.Az представляет новость на азербайджанском языке
İnformasiya-kommunikasiya texnologiayalarının (İKT) inkişafı, qloballaşmanın daha geniş sahələri əhatə etməsi ilə cinayətkarlığın yeni növləri meydana çıxır və ya "təkmilləşir". Hakerlik, internet cinayətkarlığı, kibercinayətkarlıq kimi terminlər modern kriminal aləmin açar sözlərinə çevrilib.
Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, hər il təxminən 1,5 milyondan çox insan internet cinayətkarlığın qurbanı olur. Törədilən kibercinayətlər nəticəsində dəymiş ümumi ziyan isə 1 milyard ABŞ dollarını ötür. Məsələn, təkcə Koreya Xalq Demokratik Respublikasından (KXDR) olan hakerlər 2017-ci ilin yanvarından 2018-ci ilin sentyabrınadək kiber cinayətkarlıq yolu ilə 600 milyon dollara yaxın pul, o cümlədən kriptovalyuta oğurlayıblar.
Bu baxımdan cinayətkarlığın çağdaş formalarının əhatə dairəsinin artması, insanlara və dövlətlərə geniş miqyasda maddi-texniki zərər vurması dövlət, bank, nəqliyyat idarəçiliyinin, informasiya və milli təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsini, xüsusi müdafiə tədbirlərinin görülməsini zəruri edir.
Bunu nəzərə alaraq bəzi dövlətlərdə kibercinayətkarlığa qarşı müxtəlif adlar altında xüsusi dövlət və təhlükəsizlik qurumları, internet və ya kiber polis orqanları yaradılır.
Belə ki, ölkələrin rəqəmsal iqtisadiyyatının sürətli inkişafı onlar üçün eyni zamanda müəyyən risk və təhlükələri də artırır. Məlumatların oğurlanması, sabotaj, şəxsi şəbəkələrə qanunsuz müdaxilə, kibercasusluq kimi təhlükələr fərdlərə, şirkətlərə, dövlətlərə və milli təhlükəsizliyə də təhdidlər yaradır.
Bütün bunların qarşısını almaq və müvafiq təhlükəsizliyi təmin etmək üçün milli kibertəhlükəsizlik, kommunikasiya, informasiya texnologiyaları (İT), həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarından və ya bu sahədəki peşəkar mütəxəssislərdən ibarət internet-polislər və ya kiberpolislər yaradılır.
Zaman-zaman Azərbaycanda da yerli mediada internetlə bank hesablarından oğurluq və digər kiber cinayətkarlıq hadisələrinin törədilməsi ilə bağlı məlumatlara rast gəlirik. O zaman məntiqi sual doğur: Azərbaycanda da xüsusi polis növünün — KİPERPOLİSin yaradılmasına ehtiyac varmı?
Azərbaycanda İT sahəsində tanınmış mütəxəssis, bu sahədə fəaliyyət göstərən şirkətlərdən birinin direktoru Rəşad Qafarzadə bildirib ki, hazırda ölkədə bu sahədə vəziyyət elədir ki, burada təkcə kiberpolisin yaradılması çıxış yolu deyil:
"Azərbaycanda dövlət qurumlarının vebsaytlarının və məlumatlarının qorunmasına Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) nəzarət edir. Onların peşəkarlığına şübhəm olmasa da, düşünürəm ki, dövlət qurumlarının əksəriyyətinin veb səhifələri dəyişməli və günün tələblərinə uyğun proqramlaşdırma dillərində, təhlükəsizlik qaydalarına uyğun saytlar hazırlanmalıdır. O zaman həmin saytlara ən xırda hücumların da qarşısı rahat alınar.
Kiberpolisin işi isə bank və bankomatlarda kart hesablarından pulların, həmçinin sosial şəbəkələrdə hesabların oğurlanması halları yaranarsa, dövlət orqanlarının saytlarına hücumlar olub fəaliyyətləri dayandırılarsa və ya ora başqa məlumatlar yerləşdirilərsə, yaxud başqa kiber cinayətkarlıq faktları olarsa, onların araşdırılması, cinayətkarın tapılması, fərdlərə və qurumlara tövsiyyələrin verməsi və qaydalar tətbiq edilməsi üçün fəaliyyət göstərməlidir.
Lakin fikrimcə, kiberpolisin yaradılmasından öncə İT sahəsinə marağın yaradılması ilə bağlı ciddi təşviqat və təbliğat işləri görülməlidir. İnsanlar bilməlidilər ki, bu sahə onların dünyaya açılan qapısı olacaq, oturduqları yerdən özlərinə və ölkəmizə ciddi maliyyə gətirə, qazanc əldə edə bilərlər. Bu işlərə dövlət tərəfindən dəstək olmalıdır, çünki insanları buna istiqamətləndirməklə böyük fayda əldə etmək olar. Hazırda görünən odur ki, veb studiyaların və İT sahəsində çalışanların ciddi reklam kampaniyaları aparmağa imkanları çatmır. Çünki onlar çəkdikləri əziyyətin maddi qarşılığını ala bilmirlər.
Bundan əlavə, kiberpolisin yaradılmasından öncə bununla bağlı müvafiq qanunvericilik işləri görülməlidir. Məsələn piratçılıqla, ödəmələrlə və s. ilə bağlı müasir dövrün tələb etdiyi qanunlar var ki, bunlar Azərbaycanda tətbiq edilmir və ya tətbiq edilirsə də, həmin qanunlarda müəyyən boşluqlar mövcuddur. Əgər edilən hər hansı kiber cinayət qanunla sübut olunmursa, müvafiq qanunların qəbul edilməsi şərtilə kiberpolis təşkilatının yaradılmasına ehtiyac var".
Day.Az xəbər verir ki, xüsusi xidmət orqanlarının yüksək rütbəli sabiq əməkdaşı, təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev isə Milli.Az-a bildirib ki, əksinə, Azərbaycanda kiberpolisin yaradılmasına ehtiyac yoxdur:
"Azərbaycan elə dövlətlərdən deyil ki, orada ayrıca olaraq kiber cinayətkarlıqla mübarizə və bu sahəyə nəzarət üzrə xüsusi polis yaradılsın. Məlum məsələdir ki, xüsusi xidmət orqanları istər internet vasitəsilə iqtisadi və ya informasiya cinayətkarlığına, istər sosial şəbəkələrdə, istərsə də digər internet resurslarında terrora çağıran, insanları cinayətkar qruplara cəlb etməklə məşğul olanlara qarşı nəzarəti gücləndirməlidir. Lakin bununla bağlı ayrıca polis təşkilatının, kiberpolisin yaradılmasının məqsədə müvafiq olduğunu düşünmürəm. Amma ümumiyyətlə götürdükdə, xüsusi xidmət və hüquq-mühafizə orqanlarının tərkibində bu işə məsul olan istər XDMX, istər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, istərsə də digər müvafiq dövlət orqanları ilə birgə isə koordinasiya olunmuş şəkildə bir qurum ola bilər".
Milli Məclisin üzvü, İKT iqtisadiyyatınin idarə edilməsi üzrə mütəxəssis Tahir Mirkişili isə Milli.Az-a deyib ki, Azərbaycanda kiberpolisin yaradılmasına yox, müasir üsullardan istifadəyə və onların təkmilləşdirilməsinə ehtiyac var:
"Cinayətkarlığın virtual formalarının artması bu sahədə fərqli mübarizə metodlar tapılmasını və onların mütəmadi təkmilləşdirilməsini tələb edir. Mənim bildiyimə görə, bizə, Azərbaycanda artıq bu sahədə müəyyən təcrübə var. Məsələn, Daxili İşlər Nazirliyinin nəzdində kibercinayətkarlıqla mübarizə üzrə xüsusi bölmə mövcuddur. Biz zaman-zaman DİN kibercinayətkarlıqla mübazirə tədbirləri və onların nəticələrini görürük.
Bununla yanaşı xüsusi qeyd etmək istərdim ki, kibercinayətkarlığın miqyası sürətlə genişləndiyindən və bu məsələdə sosial şəbəkələrin imkanlarından da çox istifadə edildiyindən bu istiqamətdə səyləri daha da artırmağa, müasir mübarizə metodlarının tətbiqinə ehtiyac var. Əslində bu gün bütün dövlətlərin buna ehtiyacı var. Hətta ən inkişaf etmiş ölkələrdə də müxtəlif subyektlər Kibercinayətkarlığın qurbanı olurlar və dövlət bununla mübarizə üsullarının təkmilləşdirilməsi haqqında düşünür. Ona görə də bu ardıcıl, dayanmadan aparılan bir fəaliyyətdir. Bu baxımdan Azərbaycanda da yeni qanunların və qərarların qəbulunda bunlar nəzərə alınır".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Источник: